Muğam
Mehriban Əliyeva: "Azərbaycan muğamı dünya musiqi xəzinəsinin incisidir"
Muğam Azərbaycanın milli sərvəti kimi dünya musiqi xəzinəsinin incisidir. Bu barədə çərşənbə günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Fondun yeni layihələrinin təqdimatında bildirib.
Heydər Əliyev Fondu muğamın qorunması və təbliği məqsədilə bu gün iki layihəni - "Azərbaycan Muğamı" multimedia toplusunu və "Muğam Aləmi" nəşrini təqdim edib.
Dərs vəsaiti kimi təqdim olunan "Azərbaycan Muğamı" multimedia toplusuna muğamın növləri, janrların mənşəyi, musiqi məzmunu və kompozisiya xüsusiyyətləri barədə məlumatlar daxildir. Səkkiz diskdən ibarət multimedia toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb.
"Azərbaycan muğamı barədə ilk multimedia dərs vəsaiti unikal layihədir, - Mehriban Əliyeva qeyd edib. - Bu topluda Azərbaycan muğamının tarixi, onun Azərbaycan incəsənətində rolu və yeri, Azərbaycanın xalq çalğı alətləri, görkəmli şəxsiyyətləri barədə məlumatlar əks olunub"
Heç bir dərs vəsaiti muğam ustadları ilə canlı ünsiyyəti əvəz edə bilməz. Muğam bütün dövrlərdə yaşayıb və səslənib. Siyasi, ictimai və iqtisadi durumdan asılı olmayaraq mədəniyyətmizdə öz yerini qoruyub saxlayıb. Muğam sirlərinin nəsillərdən-nəsillərə ötürülməsində muğam ustadlarımızın rolu çox böyükdür", - Heydər Əliyev Fondunun prezidenti vurğulayıb.
Mehriban Əliyevanın sözlərinə görə, Fond tərəfindən təqdim olunan ikinci layihə 2009-cu ilin mart ayında keçirilən Beynəlxalq Muğam Festivalına həsr olunub. 33 DVD diskin cəm olduğu topluda Azərbaycan muğam operaları, simfonik muğamlar, klassik Azərbaycan muğamları, tanınmış xarici musiqiçilərin çıxışları toplanıb.
Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi bütün dünyaya muğamın Azərbaycanın milli sərvəti, həmçinin dünya musiqi xəzinəsinin incisi olmasını bir daha sübut etdi.
"Festival bir daha sübut etdi ki, muğam sərhəd tanımır və artıq muğamsevərlərin bir görüş yeri var və bu məkan Bakıdır", - Mehriban Əliyeva deyib.
Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq "Azərbaycan muğamları" layihəsini həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu böyük maraqla qarşılanan ilk və uğrulu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış "Muğam ensiklopediyası" qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir.
Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirəcək gənc istedadlı ifaçıları üzrə çıxarmaq və muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır.
Muğam — Şərq ölkələrinin klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas (mayə) notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Təxminən XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olmuş, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqlara uyğun parçalanmışdır. Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarət idi.
Azərbaycanda muğam
Yaxın və Orta Şərq xalqlarının əsrlər boyu qohumlaşmış mənəvi və maddi sərvətləri vardır. Şərq xalqlarının musiqi mədəniyyətində ümumi cəhətlər daha bariz şəkildə özünü göstərir. Çünki bu mədəniyyət böyük bir region əhalisinin müxtəlif formalı və çalarlı əlaqə prosesi əsasında təşəkkül tapmışdır. Məhz bu səbəbdən də onlara bir çox mühüm ümumşərq xüsusiyyətləri xasdır.
Zaqafqaziya, o cümlədən Azərbaycan qədim dövrlərdən Yaxın və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir. Söz yox ki, bu region ölkələri arasında daimi əlaqələri məhz onların mədəniyyət və məişətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində özünəməxsus xüsusiyyətlər qorunub saxlanmışdır. Bu mənada qədim ənələrə malik Azərbaycan xalqının mədəniyyət və incəsənəti olduqca səciyyəvidir.Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi malına çevrilmişdir. Lakin çoxəsrli muğam sənətinə aid bədii problemlər o cümlədən, muğamın tarixi inkişafı və təkamülü, onun kompozisiya – quruluş, xüsusiyyətləri, milli özünəməxsusluğu kimi məsələlər bu günədək lazımi səviyyədə araşdırılmamışdır. Musiqi irsimizdə geniş inkişaf etmiş sənəti hazırda milli musiqili – poetik incəsənətin əsas sahəsi kimi üç növdə təşəkkül tapmışdır:
Muğam dəstgahları;
Kiçik həcmli muğamlar;
Zərbi muğamlar.
Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun", köməkçi muğamlar isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"dır.
Klassik şərq muğamını yaradanlar və muğam barədə əsas nəzəri fikirlər Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları olmuşlar. Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.2003-cü ildə UNESCO Azərbaycan muğamını "bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri" siyahısına daxil etdi və bununla da muğamın bədii təkrarolunmazlığını və dünya mədəniyyəti üçün dəyərini təsdiq etdi.
Hiç yorum yok:
Yorum Gönder