Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir
Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir.
Tarixi
Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: "...bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!..." Memarlıq tarixi tədqiqatçısı Ə. Ə. Ələsgərzadə baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı ilin yaz çağı olduğunu aydınlaşdımışdır. Türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "...türbə Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. Şübhəsiz ki, Məhəmməd Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir". Tədqiqatçı Cəfər Qiyasi bu fikrə onu da əlavə edir ki, yerli əhali arasında abidənin "Atabəy Günbəzi" adlandırılması türbənin Atabəylərin soy türbəsi olduğuna nişanədir.
İnteryeri
İnteryeri qapayan günbəzin kərpic sıralarından olan yerliyində perpendikulyar oxlar üzərində qoyulmuş dörd dairəvi xonça medalyon (diametri 1,5 m) gözə dəyir. Gəc üzərində oyma üsulu ilə yaradılmış bu gözəl dekorativ sənət örnəkləri bitkisəl naxışlar fonunda çəkilən kufi xəttli ulduzvari kompozisiyalardan ibarətdir. Kompozisiyaların hamısının özəyini "Allah" sözü təşkil edir. Bu özəyi bir-biri ilə kəsişərək 6, 8 və 10 bucaqlı dekorativ biçimli ulduzlar əmələ gətirən adlar çevrələyir. Burada Allah (c.c.), Ömər, Osman, Əli sözləri yazılmışdır. Görünür memar öz adını da bu adlarla birləşdirmişdir. Onu da qeyd etmək lazımdır ki, I xəlifə Əbubəkrinadının memarın atasının adı ilə eyni olması onu belə mürəkkəb kompozisiya yaratmağa sövq etmişdir.
Dairəvi xonçalar XII yüzilin nadir gəctəraşlıq əsəridir. Eyni tarixi dövrün əsəri olan Xərrəqan türbəsinin iç tağça əyrilərinin ortasında da dairəvi medalyonlar çəkilmişdir. Çoxu quş və əjdaha təsvirləri olan bu xonçalar içərisində ortası dekorativ biçimli 6 və 8 bucaqlı ulduzlarla doldurulmuş olanları da vardır. Həm də bu ulduzlar çalkeçir yolu ilə standart ayrıntılardan yaradılmışdır. Mömünə Xatun xonçaları bu əski türk gələnəklərinin inkişaf etmiş və tam islamlaşmış biçimidir. Əcəmi günəş və planetlərin rəmzi olan bu dairəvi xonçaları interyerin ən uca yerinə – günbəz əyrisi içərisinə qaldırmış, yarıqaranlıq türbə interyerini "işıqlandırmışdır".
Medalyonlar abidənin ilk tədqiqatçısı Y. Yakobstal tərəfindən qeyd edilməmişdir. Y. Yakobstal türbəni təsvir edərkən qeyd olunan medalyonlar haqqında danışmır.
Naxçıvan türbələrindəki kitabələr haqqında M. Hartmanın tərtib etdiyi və Y. Yakobstalın əsərinə əlavə edilmiş oçerkdə də medalyonların adı çəkilmir. 1939–1940–cı illərdə abidənin daha dəqiq tədqiqi ilk dəfə medalyonların fotoşəkillərini çəkməyə imkan vermişdir.
Tanınmış epiqrafçı Ə. Ələsgərzadə də medalyonların kitabələrini oxumağa cəhd etmişdir: "Girdə günbəzin daxili səthində dörd iri medalyon var. Bu medalyonlar günbəzin şimal-şərq, cənub-şərq, cənub-qərb və şimal-qərb tərəflərində yerləşdirilmiş və daxili ornamentlərlə doldurulmuşdur. "
1956–cı ildə bərpa işləri ilə əlaqədar olaraq bu medalyonların fotoşəkilləri çəkilmişdir. Bu medalyonların quruluş sxemini memar T. Bağırzadə tərəfndən qrafik surətdə təhlil edilmişdir
Tədqiqi və təsirləri
Monumental, əzəmətli bir tikinti olan Möminə Xatun türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua de Monper abidəyə diqqət yetirmiş və onun kitabələrinin üzünü çıxararaq Peterburqa, akademik Frenə göndərmişdir. O zamandan bəri müxtəlif alim və şərqşünaslar türbənin özü və kitabələri haqqında bir çox əsərlər nəşr etdirmişlər.
Məlumdur ki, XII əsrdən çox sonra da Əcəminin Naxçıvanda yaratdığı abidələr müxtəlif sənətkarlara nəinki ölkə daxilində və hətta, Azərbaycanın sərhədlərindən kənarda da bir nümunə olaraq qalırdı. Əcəmi Əbubəkr oğlunun yaxın Şərq ölkələrində təsirini göstərməyə məşhur alman şərqşünası Ernist Ditsin "Türk sənəti tarixi" əsərində irəli sürdüyü mülahizə çox yaxşı nümunə ola bilər. O, Anadolu türklərindən olan məşhur Memar Sinanın yaradıcılığından bəhs edərkən deyir ki, Memar ibn-Sinanın İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri nəticəsində əmələ gəlmişdir. Memar Sinanın Naxçıvan abidələri ilə necə tanış olduğunu izah edərkən Dits qeyd edir ki, Memar Sinan ordu mühəndisi sifəti ilə XVI əsrdə yeniçərilərin səfərlərində iştirak etmiş və Naxçıvanda olmuşdur.
Möminə xatun türbəsi | ||
Abidə haqqında məlumat | ||
---|---|---|
Tikili: | Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir | |
Ölkə: | Azərbaycan | |
Şəhər: | Naxçıvan | |
Tikintisi haqqında məlumat | ||
Başlanıb: | XII əsr | |
Sifarişçi: | Məhəmməd Cahan Pəhləvan | |
Memarı: | Əcəmi Naxçıvani | |
Memarlıq üslubu: | Naxçıvan-Marağa memarlıq məktəbi | |
Digər məlumatlar | ||
çox pis məlumatdır
YanıtlaSilGözəl mılümatlardır
Sil